Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərə fermer və investorların cəlb edilməsinə başlayıb. Foodinfo.az xəbər verir ki, bunu bu gün Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. "Qarabağda kənd təsərrüfatı üçün potensial ərazilər "Azərkosmos”la birgə müəyyən edilib. Biz artıq bu ərazilərə fermerləri və investorları cəlb etmişik, fındıq ağaclarının əkilməsi işlərinə başlanılıb. Xocavənd, Zəngilan, Qubadlı rayonlarında qoz plantasiyalarının yaradılması nəzərdə tutulur”, - deyə Tağıyev bildirib.