Bitki mənşəli qidalanmaya marağın artması ilə soya və soya məhsulları son illər daha çox gündəmə gəlir. Soya düzgün və ölçülü istifadə edildikdə orqanizm üçün bir sıra faydalar verir.

Foodinfo.az xəbər verir ki, soya yüksək keyfiyyətli bitki zülalı ilə zəngindir. Bu xüsusiyyəti sayəsində ət və süd məhsullarından istifadə etməyən şəxslər üçün mühüm protein mənbəyi hesab olunur. Soya həmçinin əzələ kütləsinin qorunmasına və toxluq hissinin yaranmasına kömək edir.

Tərkibində olan izoflavonlar sayəsində ürək-damar sağlamlığına müsbət təsir göstərir. Xolesterinin azalmasına kömək edərək ürək xəstəlikləri riskini aşağı salır.

Soya məhsullarının sümük sağlamlığı üçün də faydalı olduğu bildirilir. İzoflavonların kalsiumun mənimsənilməsini dəstəklədiyi və xüsusilə menopauza dövründə olan qadınlarda sümük əriməsi riskini azalda biləcəyi vurğulanır.

Bundan əlavə, soya həzm sisteminin fəaliyyətini yaxşılaşdıran liflə zəngindir. Bu da bağırsaq fəaliyyətinin tənzimlənməsinə və qəbizliyin qarşısının alınmasına kömək edir. Soya eyni zamanda qan şəkərinin balansda saxlanmasına dəstək olur.

Soya hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Qalxanabənzər vəz (tiroid) problemi olanlar, eləcə də soya allergiyası olan şəxslər bu məhsulları istifadə edərkən diqqətli olmalıdırlar. 

Həmçinin, genetik olaraq dəyişdirilmiş (GMO) soya məhsullarına qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.

Nəticə etibarilə, soya balanslı qidalanmanın bir hissəsi kimi istifadə edildikdə sağlamlıq üçün faydalıdır. Əsas üstünlüyün təbii və emal olunmamış soya məhsullarına verilməsini məsləhət görülür.