Sidik ifrazı zamanı köpük yaranmasının hər zaman təhlükəli olmadığı, lakin bəzi hallarda ciddi sağlamlıq problemlərinə işarə edə biləcəyi bildirilir. Bu əlamət xüsusilə uzun müddət davam etdikdə diqqətdən kənarda qalmamalıdır.
Foodinfo.az xəbər verir ki, sidiyin güclü və sürətli axınla ifraz olunması zamanı köpük əmələ gəlməsi normal hal sayıla bilər. Eyni zamanda orqanizmin susuz qalması nəticəsində sidiyin daha tünd və konsentrasiyalı olması da köpüklənməyə səbəb ola bilər. Bu kimi hallar adətən qısa müddətli olur və əlavə narahatlıq yaratmır.
Sidikdə köpüyün davamlı olması əksər hallarda böyrəklərlə bağlı problemlərin göstəricisi ola bilər. Xüsusilə sidikdə zülalın artması — proteinuriya — böyrəklərin filtrasiya funksiyasının pozulduğunu göstərə bilər.
Sidik yolu infeksiyaları zamanı sidikdə köpük, bulanıqlıq və narahatlıq hissi müşahidə edilə bilər. Bundan başqa, şəkərli diabet və yüksək qan təzyiqi kimi xroniki xəstəliklərin də böyrəklərə təsir edərək bu əlamətə yol aça biləcəyi qeyd olunur.
Əgər sidikdə köpük uzun müddət davam edirsə və şişkinlik, halsızlıq, bel ağrısı kimi əlamətlərlə müşayiət olunursa, mütəxəssislər dərhal tibbi müayinədən keçməyi tövsiyə edirlər.
Sidikdə köpük bəzən sadə səbəblərdən yaransa da, davamlı olduqda ciddi xəstəliklərin erkən xəbərçisi ola bilər. Dəqiq diaqnoz üçün laborator analizlər və həkim məsləhəti vacib sayılır.






