Hamiləlik dövründə qadınların böyük bir hissəsi dəmir çatışmazlığı anemiyası ilə üzləşir. Bu problem vaxtında aşkar olunmadıqda həm ananın sağlamlığına, həm də dölün inkişafına mənfi təsir göstərə bilər.

Foodinfo.az xəbər verir ki, hamiləlik zamanı orqanizmin dəmirə olan tələbatı artır. Qanın həcminin çoxalması və dölün inkişafı dəmir ehtiyacını yüksəldir. Nəticədə lazımi tədbirlər görülməzsə halsızlıq, başgicəllənmə, tez yorulma və immun sisteminin zəifləməsi kimi hallar ortaya çıxır.

İlk növbədə qan analizləri vasitəsilə hemoglobin və ferritin səviyyəsinin yoxlanılmasını tövsiyə edilir. Çatışmazlıq aşkar edildikdə həkim nəzarəti altında dəmir preparatları təyin olunur. Preparatlar adətən C vitamini ilə birlikdə qəbul edildikdə daha yaxşı sorulur.

Gündəlik rasionda dəmir baxımından zəngin qidalara yer verilməlidir. Qırmızı ət, yumurta sarısı, mərcimək, lobya, ispanaq və quru meyvələr bu baxımdan xüsusilə faydalıdır. Eyni zamanda çay və qəhvənin dəmirin sorulmasını azaltdığı üçün yemək vaxtı qəbul edilməməsi tövsiyə olunur.

Əgər ağızdan qəbul edilən preparatlar kifayət etməzsə, həkimlər tibbi şəraitdə damar daxili dəmir müalicəsinə müraciət edə bilərlər. Bu üsul yalnız ciddi çatışmazlıq zamanı tətbiq olunur.

Dəmir çatışmazlığına laqeyd yanaşmaq olmaz. Müntəzəm tibbi nəzarət və düzgün qidalanma ana və körpənin sağlamlığı üçün əsas şərtlərdən biridir.