Daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əkbərov Əli İdrak oğluna məxsus toyuq kəsimi müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. 

Foodinfo.az xəbər verir ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, kəsim prosesində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, toyuq məhsullarının baytarlıq normalarına cavab vermədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.