Ermənilər ABŞ şəhərlərində getdikcə daha çox yayılan dönər satışında türklərlə rəqabətə girişiblər. Türk-Amerikan Biznes Palatasının sədri Əli Osman ABŞ bazarında olan böyük imkanlardan danışıb. O deyib: “Dönər satışı da ABŞ-da geniş yayılıb, bu sahədə türklərin əsas rəqibləri isə yunanlar və ermənilərdir”. Əli Osman əlavə edib ki, dünyanın ən böyük 500 şirkətindən 134-nün mərkəzi ABŞ-da yerləşir. Ona görə də türklər burada daha fəal olmalıdır. ABŞ-ın ən çox enerji istehsalçısı və istehlakçısı olduğunu diqqətə çatdıran Əli Osman deyib ki, hazırda ABŞ-ın idxal həcmi 2,3 trilyon dollar, ixracatı isə 1,5 trilyon dollar təşkil edir. Bundan başqa, nominal olaraq dünyada ÜDM-in 22 faizi bu ölkənin payına düşür. Biznes palatasının sədri deyib: “Birləşmiş Ştatların ən çox mal idxal etdiyi ölkələr Çin, Meksika, Kanada, Yaponiya və Almaniyadır. Türkiyə isə bu siyahıda 33-cü yeri tutur. Halbuki türk iş adamlarının qida və geyim sektorlarında böyük potensialı var və ABŞ-da daha çox təmsil oluna bilərlər”. (Azərtac)