Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1470,6 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 12 min 623 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1138 hektar nar sahəsindən bu günə kimi 7 min 264 ton məhsul yığıblar. Nar bağlarında məhsul hələ çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra nar bağlarından daha 150 tondan çox məhsul yığmaq olacaq.