Ağız içindəki yaralar (aftalar) müxtəlif səbəblərdən yaranan, narahatlıq verən və bəzən ağrılı olan zədələrdir.

Foodinfo.az xəbər verir ki, bu yaraların əsas səbəblərindən biri stress və zəif immun sistemidir. 

Həmçinin bəzi vitamin və mineral çatışmazlığı, xüsusilə B12 vitamini, dəmir və fol turşusu ağız içi yaralarının yaranmasına səbəb olur. 

Diqqətsiz diş fırçalama, diş telleri, protezlər və ya digər mexaniki travmalar da bu yaraları törədə bilər.

Daha ciddi hallarda, bəzi xəstəliklər, o cümlədən mədə-bağırsaq xəstəlikləri, hormonal dəyişikliklər, allergiyalar və autoimmun xəstəliklər də ağız yaralarına səbəb ola bilər. 

Eyni zamanda bəzi qidalar, məsələn, turşulu və ya ədviyyatlı qidalar da ağız mukozasını qıcıqlandıraraq yaraların yaranmasına gətirib çıxara bilər.

Bu yaralar adətən öz-özünə sağalır, lakin şiddətli və ya uzunmüddətli olduqda həkimə müraciət etmək tövsiyə olunur.