“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib. Marketlər şəbəkəsindən “Report”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”. Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: “Bunu sübüt edən görüntülər də var”. https://www.youtube.com/watch?v=pTMw25LZzqk ------------------------------------------------------------------------------------------------------------------------------------- Qeyd edək ki, ötən gün saat 21:20 radələrində "Nefçilər” metrostansiyasının yaxınlığında marketdə oğurluq hadisəsi baş verib. Musavat.com-un müxbiri təsadüfən hadisənin şahidi olub. Belə ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb. Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb. Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib. O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil. Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə "qaçsan, səni vuraram” deyə təhdid edirdi. Hadisənin foto və video görüntülərini təqdim edirik: https://www.youtube.com/watch?v=EeXNUfROSbI