Bağ və bostanlarda alaq kimi bitən əmənkömənci bitgisi əslində min bir dərdə davadır. Çoxları bu bitkini sadəcə alaq otu zənn edir. Əmənkömənci otunun yarpaqları bədəndəki bir çox virusları öldürür. İltihabları məhv edir. Xüsusilə də qaraciyər üçün çox faydalıdır. Mövsümündə bu bitkidən çoxlu istifadə etmək məsləhət görülür. Soyuqdəymə zamanı əmənkömənci şorbasını sarımsaqlı qatıqla yesəniz sizin əsl xilaskarınıza çevrilər. Şorba bu cür hazırlanır:
Əmənköməncinin yumru yarpaqları yığılır, yaxşıca yuyulduqdan sonra xırda-xırda doğranılır. İki orta ölçülü baş soğan xırda doğranıb qovrulur. Bir stəkan yumuru düyü əlavə olunub soğanla bir az da o qovrulur. Düyü qovrularkən üzərinə bir az limon sıxılır. İki orta ölçülü kartof xırda doğranılır, düyünün üstə atılıb bir az da qovrulur. Daha sonra bir-iki litr su əlavə olunur. Düyü bişənə qədər qaynadılır. Doğranmış göyərti əlavə olunur. Ağzını kip örtüb, odu söndürülür. Duz-istiot zövqə görə vurulur. Qazanı yorğana bükün ki, yaxşıca dəm alsın. Üzərinə sarımsaqlı qatıq əlavə olunub yeyilir.
Nuş olsun!
Nəsibə Nəsibqızı/Foodinfo