Demensiya (ağıl itkisi) daha çox yaşlı insanlara təsir edən bir xəstəlik olsa da, erkən demensiya diaqnozu qoyulan gənclərin sayı da hər il artır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Exeter və Maastrixt universitetlərinin tədqiqatçıları araşdırma aparıb.
Araşdırmada 65 yaşdan aşağı 350 min insanın bioloji məlumatları tədqiq olunub və erkən demensiya riskini artıran 15 amil müəyyən edilib. Tədqiqat erkən demensiya ilə əlaqəli 15 həyat tərzi və sağlamlıqla əlaqəli faktoru müəyyənləşdirib. Əsas səbəbləri anlamaq üçün bu risk faktorlarının daha yaxından araşdırılması lazımdır. Bu dəyişdirilə bilən amillərlə mübarizə erkən demensiya risklərini azaltmaqda təsirli ola bilər. Alimlər erkən demensiya ilə əlaqəli olduğunu aşkar etdikləri 12 amil və onların risk səviyyələrini qeyd ediblər.
- Ortostatik hipotenziya (4 dəfədən çox) - ayaq üstə olan zaman qan təzyiqinin ani olaraq düşməsidir.
- Depressiya (3 dəfədən çox)
- Alkoqol zəhərlənməsi (təxminən 2,5 dəfə)
- İflic (təxminən 2 dəfə)
- Genetik risklər (təxminən 2 dəfə)
- Yüksək abstinensiya (təxminən 2 dəfə) - insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması
- Şəkərli diabet (1,5 dəfədən çox)
- Ürək xəstəliyi (1,5 dəfə)
- D vitamini çatışmazlığı (1,5 dəfə)
- Eşitmə çətinliyi (təxminən 1,5 dəfə)
- Yüksək C-reaktiv zülal (təxminən 1,5 dəfə) - Yüksək C-reaktiv zülal dəyəri bədəndə iltihab və ya infeksiya, insult və ya infarkt riski, toxuma ölümü və ya şiş göstəricisi ola bilər.
- Yalnızlıq (təxminən 1,5 dəfə)
Dünyada yaşı 65-dən aşağı olan təxminən 4 milyon insanda demensiya əlamətləri var. Hər il erkən demensiya diaqnozu qoyulan insanların sayı 370 min civarındadır.