Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Ticarət və Sənaye palatası, habelə Moskva Hökumətinin dəstəyi və təşkilatçılığı ilə 17-21 oktyabr tarixlərində Moskvanın Tverskaya meydanında "Azərbaycanın payız sovqatları" adlı Festival təşkil olunmuşdur.
Festival çərçivəsində Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri, müxtəlif sənətkarlıq məhsulları təqdim olunmuşdur. Beş gün ərzində davam edən festival çərçivəsində qonaqlar üçün konsertlər və sərgilər təşkil olunmaqla yanaşı, Azərbaycan milli sənətkarlarının müxtəlif nümunələri hazırlamaq, milli rəqslər öyrətmək və milli musiqi alətlərində çıxış etmək üçün master-klasslar keçirilmişdir.
Ölkəmizin və Rusiyanın məşhur incəsənət və dövlət xadimləri və şəhər sakinlərinin iştirak etdiyi mötəbər tədbirdə Azərbaycanın ilk milli çay markası olan AZERÇAY milli üslubda bəzədilmiş “Çay evi”ndə qonaqlara Azərbaycan çayının müxtəlif çeşidlərini daddıraraq ölkəmizin zəngin çay mədəniyyəti ilə tanış etmişdir. Milli geyimdə xidmət göstərərək çay mədəniyyətimizi təbliq edən xanımlar qonaqlara AZERÇAY markasının qara, yaşıl, kəklikotu və mixəkli, habelə bitki və müxtəlif tərkibli çaylarına qonaq ediblər.
Moskva hökümətinin xüsusi xahişi ilə çay mədəniyyətimizin bir parçası olan armudu stəkan formasında hazırlanmış AZERÇAY armudu stəkan maketi Moskva meriyasının qarşısında təşkil olunan festival ərazisinin girişində, Yuriy Dolqorukiy heykəlinin yanında yerləşdirilmişdir. Yüksək maraq doğuran armudu stəkan ətrafında qonaqlar mütəmadi şəkillər çəkdirərək sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər.
Azərbaycanın qədim ənənələrinin dünyada təbliğ edilməsi istiqamətində reallaşdırılan layihələrdə yaxından iştirak edən AZERÇAY festival təşkilatçıları tərəfindən xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunmuşdur.