“AZZA AQRO” Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub. Foodinfo.az xəbər verir ki, o, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb. Bundan başqa, Cavad “Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib. “Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib. Bundan sonra “Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib. Şirkətin şikayəti əsasında C.İsmayılova qarşı cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 182.1-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarı ilə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.