“Siyəzən Broyler” dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürməyi planlaşdırır. 9 oktyabr 2018-ci il tarixində “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. İclasın gündəliyinə “Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürülməsi ilə bağlı və “Siyəzən Broyler” ASC tərəfindən götürüləcək kreditin təminatı kimi səhmlərin və əmlakın girov (ipoteka) qoyulması ilə bağlı məsələlər daxildir. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər. 4 yanvar 2018-ci il tarixində “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi və iclasda ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılmasına baxılacağı açıqlanmışdı. İclasın nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib. Məlumat üçün bildirək ki, "Siyəzən Broyler” ASC quşçuluq fabriki Azərbaycanın şimal şərqində yerləşir. “Siyəzən Broyler” ASC quşçuluq fabriki 1984 -cü ildə tikilib istifadəyə verilmişdir. Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatlarından biridir. Müəssisədə texnoloji avadanlıqlar vaxtilə Macarıstanın “Baboylo” firması vasitəsilə gətirilərək, onların mütəxəssisləri tərəfindən quraşdırılmışdır. 2000-ci ildən etibarən “Siyəzən Broyler” fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Fabrikdə bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Fabrikin illik ət istehsalı 21 000 tondur. (Marja)