Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Raul Babalı oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, döşəmə və divarların tamlığının pozulduğu, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan məhsulların etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.