Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində yüksək patogen quş qripi xəstəliyinin yayılmasının qarşısının alınması, həmçinin biotəhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
“Eyni zamanda, görülən tədbirlər çərçivəsində ölkənin bioloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) gündəlik məlumatlarına uyğun olaraq, müvafiq qərarlar tətbiq edilir.
Eləcə də respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşməsi və müxtəlif təbiət ərazilərində bu quşların daimi və müvəqqəti məskənlərinin olması nəzərə alınaraq, xəstəliyin törədicisinin aşkar edilməsi məqsədilə xəstəlik riskinin mövcud olduğu dövrlərdə epizootoloji monitorinqlər keçirilir. Monitorinqlərdə sözügedən subyektlərdə müşahidələr aparılır, diaqnostik nümunələr götürülərək laboratoriyalarda analiz olunur. Zərurət yarandığı halda, bilavasitə xəstəlik baş vermiş ərazidə laboratoriya analizləri aparmaq üçün 2+ biotəhlükəsizlik səviyyəli səyyar laboratoriya və mobil əməliyyat dəstəsindən istifadə edilir.
Bildirək ki, ÜHST-nin məlumatına görə, hazırda dünyanın 65 ölkəsində yüksək patogen quş qripi xəstəliyi mövcuddur. Quş qripi quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olmaqla, böyük iqtisadi itki ilə nəticələnən, eyni zamanda insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir. Quş qripi ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasında sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, vəhşi quşlar, habelə daimi məskunlaşan və köçəri quşlar mühüm rol oynayır. Hazırda Azərbaycanda quş qripi ilə bağlı epizootoloji vəziyyət sabitdir və heç bir xəstəlik törədicisinə rast gəlinməyib”, - deyə AQTA-nın məlumatında vurğulanıb.
Agentliyin açıqlamasında bildirilib ki, AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında (MBL) yüksək və zəif patogen quş qripi xəstəliyinə görə müayinələr ÜHST-nin təlimatına əsasən seroloji, eyni zamanda, molekulyar-genetik diaqnostik üsullarla bütün serotiplər səviyyəsində həyata keçirilir:
“Monitorinqlər zamanı toplanan nümunələr MBL-də immunoferment analizi (ELISA) və Polimeraz Zəncirvari Reaksiya müayinə metodları ilə icra olunur. Həmçinin dövri olaraq sahə simulyasiya təlimlərinin keçirilməsi ilə quş qripi ilə mübarizə sahəsində maddi-texniki təchizat yenilənir, laboratoriya və kadr potensialı gücləndirilir. Hazırda da növbəti simulyasiya təlimlərinə hazırlıq işləri aparılır”.
Qeyd edək ki, təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalı üçün ferma və sahələrdə mütləq biotəhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bu da əsasən 4 mərhələdən ibarətdir. Bunlar ətraf mühitin, işçi heyətin, heyvanların və məhsulun qorunması ilə bağlıdır. Yalnız bu zaman yoluxucu xəstəliklərin başvermə ehtimalını minimuma endirmək mümkündür. Çünki xəstəliyin qarşısını almaq onun müalicəsindən daha asan başa gəlir.