Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi ölkədə ət kəsimi sahəsində böyük dəyişikliklər etməyə başlayıb. Dəyişikliklərin mahiyyətində dayanan əsas məqam bütün ölkə üzrə ət kəsimi prosesinin xüsusi məntəqələrə cəmlənməsidir.
Agentlik hesab edir ki, ət kəsiminin indiki vəziyyəti əhalinin sağlamlığı üçün böyük təhlükə yaradır. Buna görə də məsələni dövlət rəhbərliyi səviyyəsində qaldıraraq həll etmək niyyətindədir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin dediyinə görə, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: “Monitorinq zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda, görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın”.
Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: “Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq”.
Qeyd edək ki, ət kəsimi sahəsindəki vəziyyət daim narahatlıq yaradan sahələrdən biri kimi diqqətdə olub. Ölkə rəhbərliyi səviyyəsində bu sahədəki problemlərin aradan qaldırılması üçün bir sıra addımlar atılıb. Bu addımlardan biri prezident İlham Əliyev tərəfindən 2014-cü ildə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamın imzalanmasıdır. Həmin sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görmək, həmçinin Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etmək və görülən işlər barədə iki ay müddətində ölkə prezidentinə məlumat vermək tapşırılmışdı. Üstündən 4 il keçməsinə baxmayaraq, nazirlik sərəncamın icrasını təmin edə bilməyib. Yalnız Bakı şəhərində bir neçə kəsim məntəqəsi yaradılıb.
Buna görə də bu il iyunun 11-də prezident İ.Əliyev ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Qida Təhlükəsizliyi Agentliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görmək, yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində ölkə prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Qanunun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik isə bu işlərin real icrasına iyulun 1-dən start verib.
Lakin əldə etdiyimiz məlumata görə, qurumun Bakıda kəsim məntəqələri üçün yer tapmaq məsələsində problemləri yaranıb.
Belə ki, Bakı rayonlarından redaksiyamıza daxil olan məlumata görə, xüsusilə şəhərin mərkəzi rayonlarında ət kəsiminin təşkil olunması üçün müvafiq ölçüdə yer tapılmır. Məlumdur ki, hətta modul tipli kəsim məntəqəsinin yaradılması üçün kifayət qədər böyük sahəsi olan yer lazımdır. Lakin paytaxt ərazisində dövlət mülkiyyətində belə sahəsi olan yer tapılması müşkülə dönüb. Artıq bir neçə rayonun icra hakimiyyətləri səviyyəsində yerin olmadığına dair agentliyə məlumat verildiyi bildirilir.
Onu da qeyd edək ki, son illərdə Azərbaycana həm ət, həm də diri mal-qara idxalında ciddi artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2016-cı ildə ət idxalı 8 min 131,9 ton təşkil edibsə, 2018-ci ildə bu göstərici 18 min min 450,52 tona çatıb.
Bu ilin ilk beş ayı ərzində Azərbaycan yalnız Gürcüstandan 5 milyon 865,5 min dollar dəyərində 2 751,6 ton diri iribuynuzlu mal-qara idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,4 dəfə artıb. İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 4 milyon 349,5 min dollar və ya 2,8 dəfə çoxdur.
Ət kəsimi məntəqələri üçün yer probleminin yaranmasına dair məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyindən rəy almağa çalışdıq. Qurumdan göndərdiyimiz müvafiq sorğuya verilən cavab bizi xeyli təəccübləndirdi. Təəccüblənməyimizin səbəbini aydınlaşdırmağınız üçün agentliyə göndərdiyimiz sualları və aldğımız cavabı diqqətinizə təqdim edirik:
Suallar:
Bakı şəhəri ərazisində ət kəsimi məntəqələrinin yaradılması üçün hansı işlər görülür?
Redaksiyamıza verilən məlumata görə, belə sallaqxanalar üçün Bakının rayonlarında 1000-1500 kvmetrlik sahələr ayrılması nəzərdə tutulur. Lakin hazırda xüsusilə mərkəz rayonlarda belə ərazilərin tapılmasında problemlər yaranıb. Bakının hansı rayonlarında yerlər müəyyənləşdirilib, hansılarında müəyyənləşdirilməyib? Ət kəsimi məntəqələri üçün hansı ölçüdə yer ayrılması nəzərdə tutulur?
Ət kəsimi məntəqələri nə zamana hazır olacaq? Bu ilin sonunadək hansısa rayonda belə məntəqə fəaliyyətə başlaya bilərmi?
Cavab:
“Nəzərə almaq lazımdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Ona görə də əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-sahmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var. Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin vaxtıdır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcəkdir. Onu da qeyd edim ki, hazırda bu sahədə monitorinqlər davam edir və mövcud vəziyyətlə bağlı məlumatlar toplanılır. O ki qaldı ət kəsimi məntəqələrinin sayına və ünvanlarına, bununla bağlı təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra geniş məlumat veriləcəkdir". (Yeni Müsavat)