“Dünyada cəzaçəkmə müəssisələrində vərəmin 20-40 dəfə cəmiyyətdən artıq olması müşahidə olunur. Azərbaycanda isə bu rəqəm 14-dür. Müəyyən tədbirlərin görülməsinə baxmayaraq həm xəstələnmə, xəstəlik, həm də göstəricilər cəzaçəkmə müəssisələrində yüksəkdir”.
Foodinfo.az "Report"a istinadən xəbər verir ki, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev deyib.
İdarə rəisi bildirib ki, cəzaçəkmə müəssisələrində müalicə Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu qaydalar əsasında həyata keçirilir: “Vərəm xətəliyi keçirmiş şəxslər azadlığa çıxdıqdan sonra onlara xüsusi nəzarət edilməlidir. Biz bu nəzarəti Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə təmin etmişdik. Son illərdə isə bu nəzarəti QHT-lər təmin edir. Burada həmin şəxslərə xüsusi yanaşma tələb olunur. QHT-lərin üzərinə ciddi məsuliyyət düşür. Bunun üçün QHT-lərə dövlət dəstəyi artırılmalıdır”.
R.Mehdiyev vurğulayıb ki, bu xəstələr nəzarətdə olmalıdır: “Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. Bu gün isə bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.