
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Balasoltanlı postunda Mehdi Mirzəcanlıya məxsus 77-QY-119 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə antisanitar şəraitdə daşınan 130 kq heyvan əti aşkarlayıb.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, həmçinin qaraldığı müəyyən edilib. Mirzəliyev Qurban Əhmədalı oğlu izahatında heyvanı yoncadan köpdüyü üçün kəsdiyini və Mehdi Mirzəcanlının maşını ilə Laçın rayonundan Füzuli rayonu, Fin qəsəbəsinə göndərdiyini bildirib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

