
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı marketdə 6 ədəd 1 litr-lik, 7 ədəd 0,7 litr-lik və 8 ədəd 0,5 litr-lik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.


