Uşağa vitamin preparatları vermək mütləqdirmi?
Son günlər valideynlərin ünvanlandıqları sualların bir qismini Bioloji Təbabət Klinikasının həkim pediatrı Fidan Əlirzayevaya cavablandırır:
-Fidan xanım, hazırda satışda olan meyvə-tərəvəzlər uşaqların lazımi vitamin və mineral tələbatını ödəyirmi?
-Xeyr, ödəmir. Ümumiyyətlə, qış aylarında istər böyüklər, istər uşaqlar kənardan polivitaminlər almalıdır. Çünki qış meyvələrinin vitamini çox azdır. Adətən sitrus meyvələridir ki, onlar C vitamini ilə zəngindir. Bu vitamin də virus infeksiyalarına qarşı lazımdır. Amma hazırda uşaqlarda allergiyalar çox olduğundan sitrus meyvələrini də məsləhət görmürük. Nəzərə alsaq ki, istər yerli, istər xarici meyvə-tərəvəzin qışda istixanalarda yetişdirildiyindən, tez yetişməsi və çox qalması üçün əlavələrdən istifadə olunduğundan onların orqanizmə faydalı olduğunu deyə bilmərik.
Ona görə valideynlərə məsləhət görürəm ki, yayda tədarük görsünlər, meyvə-tərəvəzi qurutsunlar, evdə kompotlar hazırlasınlar. Yayda gün altında yetişmiş meyvə-tərəvəzdən bol istifadə olunsa, payız-qış aylarında orqanizmdə vitamin ehtiyatı yetərli ola bilər. Amma meyvə - tərəvəz 100% vitamin mənbəyi deyil.
-Uşaqların zəifliyinin, arıqlığının, tez-tez xəstələnməsinin vitamin azlığı ilə əlaqəsi varmı?
-Uşağın inkişafının az olması və zəifliyinin vitaminlə bağlılığı çox azdır. 10% hallarda vitamin azlığından şübhələnmək olar. Uşağın zəif olmasının səbəbləri çoxdur: endokrin problemlər, irsi faktorlar, qan azlığı, həzm mübadiləsində problemlər, sinir sisteminin qeyri-adekvat olması, kalsium defisiti ola bilər. Əvvəl bu səbəblər aydınlaşdırılmalıdır. Xəstələrimdə son vaxtlar ən çox D vitaminini yoxladıram. Alman həkimləri qeyd edir ki, allergik xəstəliklərin, immun problemlərinin kökündə D vitamini defisiti dayanır. Ona görə bütün dünyada bu gün D vitamini ilə xüsusi məşğul olurlar.
-Aptekdən vitamin kompleksi preparatlarının alınması, balıq yağının uşağa verilməsinin faydası varmı?
-Mən buna pis yanaşmıram. İndi elə dövrdür ki, valideynlər də uşaqlarının sağlamlığı üçün müxtəlif informasiyalar toplayır. Savadlı valideyn bilir ki, uşağının vitamin defisiti var, D vitamini azdır, balıq yağına ehtiyacı var, bunu düzgün şəkildə həll edirsə, buna etiraz etmək olmaz. Amma diaqnoz bilmədən, arıq, zəif uşaqdı deyə, gedib aptekdən əlinə keçən uşaq vitaminlərini alıb verirsə, bilsinlər ki, bunun bir köməyi olmayacaq. Boşuna pul itkisidir. Ümumiyyətlə, xaricdə vitaminlərin hamısı, BAD-lar qidaya əlavə kimi nəzərdə tutulur, müalicə üçün yox.
-Uşaqlara çoxlu şirniyyat, peçenye, konfetlərin verilməsinin nə kimi faydası və ziyanları var?
-Birmənalı şəkildə onların uşaqlara heç bir faydası yoxdur. Mən valideynlərə həmişə deyirəm, marketlərdə üzərində 6 ay, 1 il istifadə müddəti yazılan məhsulların heç birini uşağa vermək olmaz. Arada-bir uşaq istəyir deyə almaq olar. Uşaqlarda sadəcə alışqanlıq yaradır. Yumşaq qida olduğu üçün çənə sistemi, sümük sistemini inkişaf etməyə qoymur, dişlərdə problemlər yaradır. Çeynəmə əzələlərini zəiflədir. Həzm şirələri bu şirniyyatların həzminə sərf olunur, enerjisini tükədir. Uşaq aclıq hiss etmir və lazım olan xörəkləri, qidaları yemir. Beləliklə, uşaq market qidalarından asılı qalır. Sonra da analar iştahsızlıqdan, zəiflikdən şikayət edir.
-Qış aylarında D vitamini əskikliyi çox olur. Uşağı açıq havada, günəş altında çox gəzdirmək D vitaminini artırırmı?
-D vitamininin yaranması üçün dərinin çox böyük hissəsinə günəş işığı nüfuz etməlidir. Yayda uşaqları qısa şortda, maykada, sarafanda, hətta yarıçılpaq həyətdə, çimərlikdə gəzdirməklə Günəş vannası qəbul etdirə bilərik. Qışda bu mümkün deyil və qalın geyindirilmiş, papaqlı, şarflı uşaq nə qədər çox gəzsə də "D vitamini aldı” düşünmək yanlışdır. Ona görə qışda mütləq D vitamini qəbul olunmalıdır: damcı, kapsul şəklində vermək lazımdır. Xüsusən allergiyalı və immuniteti zəif uşaqlara bunlar müalicəvi dozada verilməlidir.
-Bioloji Təbabətdə vitamin terapiyası üçün preparatlar varmı?
-Bizdə konkret vitamin preparatları yoxdur. Bioloji təbabətin Lipiskor adlı alman keyfiyyətli balıq yağı preparatı, Polisink preperatımız, yüksək dozalı Poscarbin – C vitamini preparatları var. Bu dərmanı biz uşaqlara xüsusi dozada təyin edirik.
Kinder Vital adlı tərkibi dəmir və polivitaminlərlə zəngin preparatımız da var ki, zəif uşaqlara müalicədə tətbiq edirik. Bunlar hər biri yüksək keyfiyyətli Almaniya istehsalı biotənzimləyici preparatlardır. (Medicina)