Dünyada qida ilə bağlı əsas problemlərdən biri qida təhlükəsizliyi təkcə təhlükəsiz qida istehsalını deyil, həm də təhlükəsiz qida istehlakını əhatə edir. Qida dəyərini itirməmiş, fiziki, kimyəvi, bioloji cəhətdən təmiz və xarab olmamış qidalar təhlükəsiz hesab edilir. Bioloji təhlükələr arasında qida təhlükəsizliyi üçün ciddi problemlər yaradan və qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlər isə bakteriyalardır. Ona görə də mətbəxdə çarpaz çirklənməyə yol verilməməli, qida ilə təmasda olan hər şeyə, o cümlədən kəsmə lövhələrə ciddi diqqət yetirilməlidir.
Foodinfo.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Sənubər Sərdarbəyli Yılmazın hazırladığı elmi məqalədə bu barədə bəhs olunur.
İstehlakçı olaraq hər kəs qida təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bunlar mətbəxdə alətlərin yaratdığı şüşə, plastik, toz kimi fiziki, yuyucu və təmizləyici vasitə qalığı kimi kimyəvi, bakteriya, kif, maya kimi bioloji təhlükələrin və risklərin qarşısının alınması ilə əlaqədardır. Bu baxımdan yeməklərin hazırlanması və təqdim olunması zamanı istifadə edilən bütün avadanlıq və alətlər təhlükə və risklərin qarşısını almaq üçün gigiyenik cəhətdən müvafiq qaydalara uyğun olmalıdır. Evlərdə qidaların çirklənməsində ən böyük vasitəçilərdən biri kəsmə lövhələrdir. Buna görə də qida məhsullarının doğranmasına keçməmişdən əvvəl görüləcək ilkin hazırlıqlardan biri uyğun kəsmə lövhənin seçilməsidir. Kəsmə lövhələr adətən taxtadan, yəni ağacdan və ya plastikdən hazırlanır. Lakin bambuk, şüşə və paslanmayan poladdan olan kəsmə lövhələr də var.
Qida sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar və təşkilatlar yüksək məsaməlilik və absorbsiya (udma) xüsusiyyətləri ilə əlaqədar mikroorqanizmlərin çökməsinə imkan verdiyi və təmiz saxlanması çətin olduğu üçün taxta kəsmə lövhələrdən istifadəni tövsiyə etmir. Lakin istifadə edildiyi təqdirdə ağcaqayın və fıstıq kimi sərt ağaclardan hazırlanmış lövhələrə üstünlük verilməsi məsləhət görülür. Belə ki, taxta yüngül material sayılsa da, nəm keçirdiyinə, kif tutduğuna və bakteriyalar yoluxduğuna görə gigiyenik problemlərə səbəb ola bilər. Bundan əlavə taxtanın digər çatışmayan cəhətlərinə qoxu və ləkələri özünə çəkməsini, eləcə də nisbətən davamsızlığını misal göstərmək olar.
Bambuk kəsmə lövhələri sərt və daha az məsaməlidir. Həmçinin çox az nəmləndiyinə və bıçaq izlərinə qarşı dözümlü olduğuna görə taxta lövhələrlə müqayisədə bakteriyalara qarşı daha davamlıdır.
Plastik kəsmə lövhələr taxta lövhələrdən fərqli olaraq məsaməli deyil. Buna görə də bakteriyalar kəsiklərdə asanlıqla gizlənə bilmir. Həmçinin plastik kəsmə lövhələr qabyuyan maşında yuyula bilər. Bu, təmizləmə prosesini xeyli asanlaşdırır.
Şüşə kəsmə lövhələr məsaməli olmayan və asan təmizlənən materialdan hazırlanır. Lakin belə lövhələrdə qidaların doğranması zamanı istifadə edilən bıçaqlar tez kütləşir. Həmçinin belə lövhələrin kövrək materialdan hazırlanması mənfi cəhətlərdəndir. Həmin lövhələr qırıldıqda mətbəx qəzaları baş verə bilər. Bu hal həm də yeməklər üçün risklidir.
Bütün plastik və taxta kəsmə lövhələr zaman keçdikcə köhnəlir. Köhnəlmiş, təmizlənməsi çətin olan və mikroorqanizmlərin çökməsinə imkan verən dərin yarıqlar yaranan kəsmə lövhələr isə atılmalıdır.
Mümkün təhlükələr, o cümlədən çarpaz çirklənmə ilə əlaqədar hər kəsmə lövhə yalnız müəyyən növ qida məhsulları üçün nəzərdə tutulmalıdır. Hətta istifadə edilən bıçaqların fərqli və müxtəlif rəngdə olmasına üstünlük verilməlidir. Pendir və yağ kimi süd məhsullarının istifadəsi zamanı ağ, meyvə və tərəvəzlərdə yaşıl, balıq və digər dəniz məhsullarında mavi, toyuq və hinduşka kimi quş ətlərində sarı, dana və qoyun əti kimi qırmızı ətlərdə qırmızı, bişmiş məmulatlarda qəhvəyi lövhələrdən istifadə edilməlidir. Eyni zamanda mətbəx dəzgahları, kəsmə lövhələr və yemək hazırlanan digər səthlər tez-tez təmizlənməlidir.