Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib.
Foodinfo.az AMEA-a istinadla xəbər verir ki, akademik İ.Hacıyev bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiqyönümlü işlər haqqında məlumat verib. Bildirilib ki, Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda, Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetik olmaqla, ümumilikdə 27 faydalı bitki qrupu müəyyənləşdirilib.
Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulmuş dərman bitkilərindən ibarət qarışıqlar hazırlanması üçün sertifikatlar alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb, bölmənin “Yaşıl aptek”inə, eyni zamanda, muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib.