Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev qonaqları ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.