Palma yağının bütün növlərinin Tacikistana idxalı 2020-ci il mayın 1-dən qadağan edilib. Foodinfo.az-ın məlumatına görə, müvafiq qanun Tacikistan hökuməti tərəfindən qəbul edilib. Qeyd edək ki, 2016-cı ilin avqust ayında "Tacikstandart" Dövlət Agentliyi palma yağının idxalı ilə yanaşı, onun qənnadı və süd məhsullarının istehsalında istifadəsinə qadağa qoyub. Ancaq Tacikistan Baş nazirinin müavini Əzim İbrahimovun sonradan dediyi kimi, qadağan olunmuş məhsulun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi davam etdirilib. Yeni qaydanın tələblərinin yerinə yetirilməsi respublika hökuməti yanında Gömrük Xidmətinə həvalə edilib. Tacikistan Səhiyyə Nazirliyinə və "Tacikstandart"a Qida Təhlükəsizliyi Komitəsi ilə birlikdə ölkəyə gətirilən, tərkibində palma yağı ola bilən qida məhsullarının laborator müayinələrini aparmaq tapşırılıb. Məhsulla bağlı qadağada istisna hal yağın sənaye emalında və məhsul istehsalında xammal kimi idxalı ilə bağlı olacaq. 2019-cu ilin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı, ətraf mühitə və insan sağlamlığına təsiri baxımından palma yağı istehsalı və satış sənayesini tütün və alkogol sənayesi ilə birbaşa müqayisə edən bülleten nəşr edib. Palma yağı palma meyvələrinin sıxılması yolu ilə əldə edilən məhsuldur. Meyvələrdən yalnız ətli hissə götürülür, toxumlarından isə yağ çıxarılır. Palma yağının rəngi qırmızıya bənzər narıncı rəngdədir. Tərkibində xeyli miqdarda doymuş yağ var. Onun istifadəsi ürək-damar xəstəliklərinin inkişaf riskini, həmçinin bədəndəki xolesterolun miqdarını artırır. Yeyinti sənayesindən əlavə palma yağı kosmetika, şampunlar və bioyanacaqların istehsalında xammal kimi istifadə olunur. Palma yağının istehsalı və ixracında liderlər ölkələr Malayziya və İndoneziya sayılır.