
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Balakən rayonunda növbəti müşavirə keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Görüş zamanı bu sahədə həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şimal-qərb və qərb regionlarında kütləvi şəkildə yayılan zərərvericiyə qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla görüşlər keçirilir, zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə məlumatlar verilir. Eyni zamanda maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq mediada və sosial şəbəkələrdə yayımlanır.
Sonda əvvəlki illərlə aparılmış təhlillər əsasında mövcud vəziyyət, cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Birgə monitorinqlərin aparılması, sorğuların keçirilməsi, sərhəd xidmətinin nümayəndələrinin qərargaha daxil edilməsi, həmçinin mexaniki və kimyəvi mübarizə yolu ilə məhvetmə tədbirlərinin gücləndirilməsinə qərar verilib.
Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
