“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib
Foodinfo.az-ın məlumatına görə, Qanun layihəsində qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün həmin məhsulların təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin yaradılması istehlakçılarda təhlükəli məhsullar və həmin məhsulların təhlükəliliyinə səbəb olan hallar barədə ətraflı məlumat almağa, istehlakçı hüquqlarının müdafiəsinə imkan yaradacaqdır. Həmçinin qanunda qida və yem məhsullarının təhlükəli hesab edilməsi ilə bağlı hallar müəyyən edilərək, bu halların aşkar edilməsi zamanı həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin qadağan edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cür qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin aparılması və bunun vətəndaşlar üçün açıq olması ictimai nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaqdır.
İctimaiyyət nümayəndələri tərəfindən verilən bu dəstək ümumi işin xeyrinə olmaqla, qida təhlükəsizliyinin təmin olunması sahəsində daha təkmil və sağlam mexanizmlərin formalaşmasına gətirib çıxaracaqdır. Dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyənləşdirən ictimai nəzarət icraçılıq proseslərində, o cümlədən qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların həyata keçirilməsində şəffaflıq və səmərəliliyin artırılması ilə nəticələnəcəkdir. Bu proses Qanunun aliliyinin təmin olunması ilə yanaşı, hər bir vətəndaşın istehlakçı olaraq, ictimai nəzarətin təşkilində iştirakının gücləndirilməsinə şərait yaradacaqdır.
Bütün bu nüansları nəzərə alan AQTA vətəndaş cəmiyyətinin hər bir üzvünü istehlakçı olaraq, ictimai nəzarətdə fəal olmağa çağırır, ictimai nəzarət çağırışlarına həssaslıqla yanaşmağı tövsiyə edir. Həmçinin bir daha bildiririk ki, vətəndaşlar qida sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verə bilərlər.
Qeyd edək ki, Qanun ümumilikdə ölkədə insanların həyat və sağlamlığının daha yaxşı təmin edilməsi sahəsinə töhfə verməklə, ümumi prosesdə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.