Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Foodinfo.az xəbər verir ki, sənəddə bildirilir ki, bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb, insan və heyvanın həyat və sağlamlığının qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı məsələləri tənzimləyir. Müvəqqəti tədbirlər həyat və sağlamlığa ehtimal olunan təhlükənin qarşısının alınması üçün tədbirlərin yetərli olmadığı və sanitar mühafizənin zəruri səviyyəsinin təmin edilməsinin mümkün olmadığı hallarda daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatlar əldə ediənədək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq edilən və müvəqqəti xarakter daşıyan qabaqlayıcı tədbirlərdir. Müvəqqəti tədbirlərin tətbiqinə əsas olmuş elmi qeyri-müəyyənliyin vaxtında aradan qaldırılması məqsədilə əlavə elmi məlumatların əldə edilməsi və bu məlumatlar əsasında risk qiymətləndirilməsinin aparılması müvafiq qaydaya uyğun olaraq həyata keçirilən risklərin təhlili çərçivəsində təmin edilir. Müvəqqəti tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalıdır. Həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən həyat və sağlamlığın iqtisadi maraqlardan üstün olması nəzərə alınmalı, texniki, iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar təhlil edilməlidir.

Sənədə əsasən, müvəqqəti tədbirlərin tətbiqi qida və yem məhsullarının həyat və sağlamlığa mənfi təsiri ilə bağlı dövlət nəzarəti və tənzimlənməsi zamanı məlumat əldə olunduqda, o cümlədən beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən, hüquqi və fiziki şəxslərdən, dövlət orqanlarından (qurumlarından) və yerli özünüidarəetmə orqanlarından rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada və ya media subyektləri tərəfindən məlumatlar dərc edildikdə və ya yayıldıqda bununla bağlı mövcud məlumatların təhlili, Agentlik tərəfindən müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın qəbul edilməsi, müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın icrasının təmin edilməsi və müvəqqəti tədbirlərin tətbiqi və nəticəsi barədə müvafiq məlumatın verilməsi mərhələlərindən ibarətdir. Qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan olunması, qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi, qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi isə Agentlik tərəfindən tətbiq edilən müvəqqəti tədbirlərdir. Müvəqqəti tədbirlərin tətbiq edilməsi zamanı həyat və sağlamlığa təhlükə ehtimalı, mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələri, elmi sübutların qeyri-müəyyənliyi, iqtisadi tənzimləməyə təsiri, mövcud sanitar mühafizə tədbirlərinin təhlükədən qorunmasının təmin edilməsi səviyyəsi, müvəqqəti tədbirlərlə yanaşı, təhlükənin qarşısının alınması üçün mövcud olan dövlət nəzarəti tədbirləri, tətbiq olunacaq müvəqqəti tədbirlərin mövcud təhlükəyə mütənasibliyi, analoji təhlükə ilə bağlı daha əvvəl tətbiq edilmiş tədbirlər, son elmi məlumatlar və müvəqqəti tədbirlərin tətbiq edilməməsi hallarının mümkün nəticələri nəzərə alınmalıdır.

Sənəddə qeyd edilir ki, müvəqqəti tədbirlər Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentlik tərəfindən qəbul edilən qərar əsasında tətbiq olunur. Həyat və sağlamlığa müəyyən edilmiş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq müvəqqəti tədbirlər Agentliyin qərarı ilə 6 aydan çox olmayan müddətə tətbiq edilir. Tətbiq olunan tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 ay müddətindən gec olmayaraq, yenidən nəzərdən keçirilməlidir. Mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələrini və elmi qeyri-müəyyənliyin davam etməsini nəzərə alaraq, müvəqqəti tədbirlərin qüvvədəolma müddəti Agentliyin əsaslandırılmış qərarı ilə 2 dəfədən və hər dəfə 4 aydan çox olmamaqla uzadıla bilər.