Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib. Tədbir bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, bu sahədə risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün zəruri tədbirlərə diqqət çəkmək, həmçinin ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaq məqsədi daşıyıb.
AZƏRTAC-ın əməkdaşları da “Açıq qapı” günündə iştirak edib və AQTİ-də fəaliyyət göstərən bir neçə laboratoriyanın iş prinsipi ilə yaxından tanış olub. AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva “Açıq qapı” gününə gəlmək üçün qeydiyyatdan keçmiş vətəndaşlara AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 17 laboratoriya və regional bölmənin fəaliyyət göstərməsi barədə məlumat verib. O bildirib ki, laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Kompleks Tədqiqatlar Laboratoriyasının iş mexanizmi barədə danışan mərkəz müdiri bu laboratoriyada qablaşdırma materiallarının, pestisidlərin və aqrokimyəvi maddələrin analizlərinin aparıldığını qeyd edib. T.Qocayeva burada daha çox qeyri-qida təyinatlı və qidayla təmasda olan maddələrin, materialların müayinəsinin həyata keçirildiyini deyib. Fiziki-kimyəvi analiz otağında klassik kimyəvi metodlarla yem və yem əlavələrində keyfiyyət göstəricilərinin müayinəsinin aparıldığını bildirən mərkəz müdiri laboratoriyada, həmçinin pestisid və aqrokimyəvi maddələrin tərkibindəki aktiv maddələrin, eyni zamanda, baytarlıq preparatlarının müayinəsinin də həyata keçirildiyini vurğulayıb.
Eyni zamanda, spektrometr cihazlarından istifadə edərək nümunələrin tərkibində mineralların, metalların təyininin həyata keçirildiyi qeyd edilib.
Yeri gəlmişkən, institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların hər biri İSO 17025 standartının tələblərinə uyğun olaraq qurulub. LC Q-TOF cihazı isə Azərbaycanda və regionda yalnız AQTİ-nin laboratoriyasında mövcuddur. Cihaz çox yüksək həssaslığa malik qiymətli bir avadanlıqdır. Bu cihazdan istifadə edərək bilinməyən maddələrin təyinini aparmaq mümkündür. Cihazın daxilində çox böyük bir kitabxana var və onun yaddaşında 150 milyona yaxın maddə mövcuddur.
AQTİ-nin Nümunələrlə iş şöbəsinin müdiri Camal Rüstəmov AZƏRTAC-a açıqlamasında rəhbərlik etdiyi şöbənin iş fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən bütün laboratoriyalara verilən nümunələr əvvəlcə bu şöbəyə təqdim olunur.
“Məhsul nümunə qəbulu üzrə mütəxəssislər tərəfindən yoxlanılır və laboratoriyalara təqdim edilir. Mütəxəssis nümunələrin müayinəyə yararlılığını, təqdim edilən sənədlə eyniliyini yoxlayır. Bundan sonra nümunələrin hər biri barkodlaşdırılaraq laboratoriyalara təqdim edilir. Kodlaşdırmada məqsədimiz ondan ibarətdir ki, təqdim edilən nümunə laboratoriya mütəxəssisi tərəfindən müayinə olunan zaman nümunənin subyekt olaraq kimə məxsus olması gizli qalsın. Mütəxəssis, sadəcə, təqdim edilən nümunə və aparacağı müayinələr barədə məlumat əldə edir. Həmçinin Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələr, ölkə ərazisində keçirilmiş monitorinqlər ölkəyə idxal olunan bütün məhsullar, eyni zamanda, ölkədən ixrac ediləcək məhsullardan götürülmüş bütün nümunələr əvvəlcə bu şöbəyə təqdim olunur”,- deyə şöbə müdiri bildirib.
AQTİ-yə nümunələr bir neçə mənbədən daxil olur. Nümunələr AQTA-nın regional bölmələri, dövlət qurumları, eyni zamanda, müstəqil müraciət əsasında hüquqi şəxslərin nümayəndələri və ya fiziki şəxslər tərəfindən təqdim edilə bilər. İnstituta təqdim olunan nümunələrin mənbələrindən biri də müstəqil şəkildə vətəndaşlar tərəfindən təqdim olunmuş nümunələrdir. Belə ki, vətəndaşlar müstəqil qaydada AQTİ-nin nümunələrlə iş şöbəsinə yaxınlaşaraq fiziki şəxs qismində və ya hüquqi şəxsin nümayəndəsi kimi nümunənin müayinəyə cəlb edə olunması üçün təqdim edib bilərlər. Nümunələr xüsusi termoçamadanlarda və xüsusi nəqliyyat vasitələri ilə sınağın aparılacağı müvafiq laboratoriyalara göndərilir.
Qida təhlükəsizliyi sahəsində göstərilən xidmət və tariflərin qiyməti Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib.
AQTİ-nin Milli Referens Laboratoriyasının fəaliyyəti barədə laboratoriya müdiri Züleyxa Zeynallı məlumat verib. O, laboratoriyanın iki bölmədən ibarət olduğunu və burada bioloji, kimyəvi müayinələrin aparıldığını qeyd edib. Milli Referens Laboratoriyası Beynəlxalq Akkreditasiya qurumu tərəfindən akkreditasiya edilib. Laboratoriyada, həmçinin qida məhsullarında, yemlərdə GMO müayinəsi, kolbasa, ət məhsullarında ətin mənşəyinin müayinəsi, 600-dən çox pestisidin, süd və ət məhsullarında antibiotiklərin təyini də həyata keçirilir.
Qeyd edək ki, “Açıq qapı” gününün iştirakçıları qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, bu məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyiblər.
“Açıq qapı” günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.