Ədviyyatlı yeməklər təkcə dadlı deyil, həm də arıqlamağa təsir edə bilər. Foodinfo.az bildirir ki, Pensilvaniya Dövlət Universitetinin alimləri aparılan tədqiqat nəticəsində ədviyyatlı qidaların iştahı tənzimləyərək qida qəbulunu azaltdığını müəyyən ediblər.

Tədqiqat zamanı iştirakçılara bibərli mal əti və acı sousla hazırlanmış toyuq tikka masala təqdim edilib. Nəticələrə görə, orta dərəcədə ədviyyatlı yeməklər yeyən iştirakçılar daha yavaş yeyib və adi rasionla müqayisədə 11–18 faiz daha az kalori qəbul ediblər. Tədqiqatın rəhbəri Paige Cunningham qeyd edib ki, yeməklərə az miqdarda qırmızı bibər əlavə olunması belə bu effektin yaranması üçün kifayət edib.

Acı bibərin əsas tərkib maddəsi olan kapsaisin maddələr mübadiləsini müvəqqəti sürətləndirsə də, onun uzunmüddətli arıqlama təsiri məhduddur. Hyustonlu dietoloq John McWhorter isə əlavə edir ki, ədviyyatlı qidaların müəyyən iltihab əleyhinə təsirləri var, lakin onları arıqlama üçün “möcüzəvi vasitə” kimi qəbul etmək düzgün deyil.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər: əgər sizdə turşu reflü, həzm sistemi iltihabları və ya allergiyalar varsa, acılı yeməklər zərərli ola bilər. Bu səbəbdən, pəhriz dəyişikliklərini fərdi sağlamlıq xüsusiyyətlərini nəzərə alaraq tətbiq etmək tövsiyə olunur.