İspaniyanın Barselona Universitetinin qastroenteroloqu doktor Miguel Alvarez boş mədəyə qazlı içki qəbulunun həzm orqanlarına ciddi zərər verə biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, “El País” nəşrinə danışan mütəxəssis bildirib ki, bu içkilərdəki karbon qazı və turşular mədə divarının selikli qişasını qıcıqlandırır.

Alvarezin sözlərinə görə, qazlı içkilər qida qəbulundan öncə içildikdə mədə turşusunun ifrazını artırır və bu da qastrit və reflüks kimi problemlərə yol aça bilər. O əlavə edib ki, bu vəziyyət xüsusilə həssas mədə strukturu olan insanlarda tez-tez ağrılar və köp hissi ilə müşahidə olunur. Tədqiqatlara görə, boş qarnına içilən qazlı içkilər mədə divarında mikroeroziyaların yaranmasına səbəb ola bilər. Doktor həmçinin qeyd edib ki, bu içkilərdəki şəkər və süni tatlandırıcılar bağırsaq mikroflorasını da poza bilər.

Ən təhlükəlisi isə qazlı içkilərin bir çoxunun tərkibində fosfor turşusunun olmasıdır ki, bu da sümük sağlamlığına mənfi təsir edir. Alvarez alternativ olaraq su, limonlu isti su və ya bitki çaylarının daha sağlam seçim olduğunu vurğulayıb.