Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsini davam etdirir. Layihə çərçivəsində AQTA əməkdaşları Yasamal rayonu 20№-li məktəb-liseydə olub.
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, əvvəlcə müəssisənin yeməkxanasına baxış keçirən Agentliyin nümayəndələri yeməkxana işçilərinə müəyyən tövsiyələr verib. Məktəbdə gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA nümayəndələri daha sonra 4-cü sinif şagirdlərinə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçib. Məktəblilərlə “xeyirli və zərərli qida məhsulları” adlı maraqlı və interaktiv oyun təşkil olunub, şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları və xatirə hədiyyələri təqdim olunub. Agentliyin hazırladığı maarifləndirici materiallar uşaqlara təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.