Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aşqabadda regional qidalanmanın inkişafına dair beynəlxalq tədbirdə təmsil edilib.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a bildirilib ki, Türkmənistan Respublikasının paytaxtı Aşqabadda birinci Qafqaz və Mərkəzi Asiya regional qidalanmanın inkişafı və əməkdaşlıq platformasının görüşü keçirilib. AQTA-nın əməkdaşlarının da iştirak etdiyi tədbirdə beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssisləri tərəfindən sağlam qidalanma və qidalanma vərdişləri ilə bağlı regionda və dünyada aparılmış təhlillər və onların nəticələri müzakirə olunub. Regionda qeyri-sağlam və zəif qidalanmanın uşaqlar arasında mədə genişlənməsi, bəstəboyluluq və qeyri-infeksiyon xəstəliklərin artmasına, bunun isə ictimai problemə səbəb olması bildirib.
Daha sonra regionda sağlam qidalanmanın inkişafı ilə bağlı yaranmış boşluqlar və bu sahədə görülmüş işlər ilə bağlı üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Sonda Regional Platformanın 2 il sonra keçiriləcək ikinci iclasına qədər sədrlik vəzifəsi Qazaxıstan Respublikasına həvalə edilib.
Tədbirdə üzv ölkələrin təmsilçiləri ilə yanaşı, İran İslam Respublikası və Serbiya Respublikasından olan mütəxəssislərlə birlikdə ümumilikdə 8 ölkədən nümayəndə iştirak edib. Görüş BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə keçirilib.