Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan “Ölkələrin Qiymətləndirmə Aləti”ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının azaldılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi, o cümlədən “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiqlənməsi ilə bağlı respublikamız “Ölkələrin Qiymətləndirmə Aləti”ndə Rusiya Federasiyası və İsveçrə kimi dövlətlərin də yer aldığı 3-cü səviyyədə qərarlaşıb. Bu tənzimləmə sayəsində trans yağ turşularının mövcudluğu ehtimalı daha yüksək olan marqarin və spred yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin ən çoxu 2%-i həddində müəyyənləşdirilib. 

Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycan trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından İsrail, Çin Xalq Respublikası və Cənubi Koreya kimi ölkələrin də yer aldığı 2-ci səviyyədə idi. 

Onu da bildirək ki, ÜST qida məhsullarında trans yağ turşularının azaldılması və ya aradan qaldırılması məqsədilə ölkələrin həm qanunvericilik, həm də digər istiqamətlərdə həyata keçirdikləri tədbirlərin mövcud statusuna nəzarət etmək və davamlı olaraq ölkələrin bu sahədə fəaliyyətini izləmək üçün “Ölkələrin Qiymətləndirmə Aləti”ni hazırlayıb. Alətdə cari dövr üçün 141 dövlət trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb. Trans yağ turşularının azaldılması (və ya aradan qaldırılması) ilə bağlı ən yaxşı təcrübəyə malik ölkələr 4-cü, ən yaxşı təcrübəyə nisbətən daha az məhdudlaşdırıcı tədbirlərə sahib dövlətlər 3-cü səviyyəyə aid edilib.