Beri-beri xəstəliyi qidada B1 vitaminin çatışmazlığı nəticəsində yaranan xəstəlikdir və həmin vitamin olmadıqda orqanizmdə karbohidrat, lipid mübadiləsi pozulur, süd və piroüzüm turşuları sinir sistemində toplanır. Maddələr mübadiləsinin bu cür pozulması B1 avitaminozu, başqa cür desək, beri-beri xəstəliyi yaradır. Həmin xəstəlik əsasən əhalisi qabıqsız düyü ilə qidalanan Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələrində yayılıb.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamovanın verdiyi məlumata görə, xəstəliyin əsas əlamətləri zəiflik, başgicələnmə, sinir uclarında hissiyyatın itməsi, sonradan, periferik polineyropatiya, ətrafların parezi, kəllə-beyin sinirlərinin işemik pozulması və iflicinin yaranmasıdır. Bundan başqa beri-beri xəstəliyi ürək-damar sisteminə də toxunaraq taxikardiya, tövşümə, ödem və ürək ağrılarına səbəb olur, həmçinin həzm sistemi orqanlarının pozulması da baş verir. Xəstəlik vaxtında müalicə olunmadıqda xroniki formaya keçə bilər.
Beri-beri birincili və ikincili olur. Müalicəsi zamanı 2-ci növ undan hazırlanan buğda və arpa çörəyi, qarabaşaq, arpa yarması, pivə mayası və tərkibində B1 vitamini olan qidalardan istifadə etmək lazımdır. Həmçinin fizioterapiya üsulları, o cümlədən masaj, müalicəvi idman, Bernar toku, bitki dəmləməsi ilə hazırlanmış vannalar məsləhət görülür. Fəal həyat tərzi və düzgün qidalanma xəstəliyin əsas profilaktikası sayılır. (AZƏRTAC)