Hyatt Regency otelində Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Koreya mətbəxi" adlı festival keçirilib. Səfirlikdən Foodinfo.az-a- verilən məlumata görə, tədbir zamanı Koreyadan gələn 4 aşpaz Koreyanın milli mətbəxinə aid Galbijjim, Dakgalbi və Kimçi kimi yeməkləri təqdim ediblər. Bundan əlavə, Koreyanın milli spirtli içkisi olan Makgeolli likoru da qonaqlara təqdim edilib. Koreya yeməyini dadmaq məqsədilə dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar tədbirə qatılıb. Səfir Kim Çanq-qyu öz açılış nitqində koreyalı aşpazların səfərinin və bu festivalın keçirilməsinin mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini əminliklə vurğulayıb. Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, baş kulinar Tünzalə Məmmədzadə Azərbaycan və Koreya kulinariya assosiasiyaları arasında cari və gələcək münasibətlərin inkişafı haqqında fikirlərini əlavə edib. Bundan əlavə, 28 iyun tarixində Koreya aşpazları “Nuş Olsun” adlı proqramına qatılaraq Koreya yeməklərin bişirmə qaydasını geniş əhali kütləsinə təqdim ediblər. Səfirlik qonaqların Koreya Milli Mətbəxindən məmnun qaldıqlarına və koreyalı aşpazların Azərbaycan xalqını Koreya yeməkləri haqqında maarifləndirmək məqsədinə nail ola bildiklərinə ümid edir.