Türkiyənin məşhur “Muratbey Burgu” pendirləri satışdan yığışdırılır. Buna səbəb isə Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin apardığı yoxlamalar zamanı məhsulların tərkibində natamisin (E-225) qatqı maddəsinin aşkar olunmasıdır.
Türkiyə qida məcəlləsinə uyğun olmayan məhsulun satışdan çıxarılmayacağı təqdirdə istehsalçıya qarşı cəza tədbirlərinə başlanılacaq.
Natamisin maddəsinin (digər adı pimaritsin, delvosit) qida məhsullarına kif və göbələk əleyhinə vurulduğu məlumdur. Ən çox pendir və sosiskalara, bəzi ölkələrdə hətta meyvə şirəsi, şərab və qatığa da vurulur. Mütəxəssislər bildirirlər ki, bu maddənin toksiki təsiri olmasa da, normadan artıq olduqda, insan sağlamlığına çox zərərlidir. Natamisin hüceyrə daxilində streoller, xüsusən də ergosterol ilə birləşərək hüceyrənin keçid mexanizmini məhv edir.
Şirkətin rəsmi saytında bir çox ölkələrə, o cümlədən, Azərbaycana eyniadlı məhsulun ixrac edildiyi bildirilir. Sağlamlıq üçün təhlükə törədən maddəyə görə satışdan yığışdırılan pendirlərin Azərbaycanın hansı marketlərində satıldığını araşdırmaq üçün bir çox tanınmış marketlərdə olsaq da, sözügedən məhsulu satışda tapa bilmədik. Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “Bolmart” mağazasının satıcısı ümumiyyətlə həmin adda pendir gətirmədiklərini dedi. Səbail rayonunda yerləşən “Fresco” supermarketindən isə bildirdilər ki, bu firmanın deyil, digər şirkətin buruq pendirlərini alırlar. Baş çəkdiyimiz digər tanınmış mağazalarda da eyniadlı pendirə rast gəlmədik.
Bəs Türkiyədə satışı qadağan olunan pendirlər Azərbaycana hansı şirkətlər tərəfindən gətirildiyini və hansı mağazalarda satılır? Azərbaycanda da satışa qadağa qoyulacaqmı? Bu suallara aydınlıq gətirmək üçün Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən virtualaz.org-a araşdırılma aparılacağını və sorğumuza cavab veriləcəyini bildirdilər.
Qeyd edək ki, “Muratbey Qida” şirkəti 1965-ci ildən Eminönüdə kiçik pendir mağazası ilə fəaliyətə başlayıb və 1992-ci ildən ilk istehsal müəssisəsini açıb. 300-dən artıq çeşiddə məhsul istehsal edən firmanın pendirləri 2008-ci ildən isə xarici ölkələrə, o cümlədən, ABŞ, Yaponiya, Küveyt, BƏƏ, Qazaxıstan və Azərbaycana ixrac olunur. (Virtualorg.az)