Çay gündəlik həyatımızın ayrılmaz hissəsidir və bir çox insan rahatlıq üçün paket çaya üstünlük verir. Lakin mütəxəssislər çay paketinin neçə dəfə istifadə olunmasının həm dad, həm də sağlamlıq baxımından əhəmiyyətli olduğunu bildirirlər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, çay yarpağı isti su ilə ilk təmas zamanı bioloji aktiv maddələrin təxminən 70–80 faizini suya buraxır.

Məlumata görə, ilk dəmləmə zamanı polifenollar, kofein və efir yağları kimi əsas faydalı komponentlər çaya keçir. İkinci və sonrakı dəmləmələrdə isə içki əsasən dadlandırılmış su təsiri bağışlayır və faydası xeyli azalır, çünki aktiv maddələrin böyük hissəsi artıq ilk fincanda olur.

Ekspertlərin sözlərinə görə, çay paketinin ilk istifadədən sonra nəmli qalması mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yarada bilər. Hətta otaq temperaturunda belə, bir neçə saat ərzində çay paketinin səthində və daxilində sağlamlıq üçün arzuolunmaz bakteriyalar çoxala bilər.

Qeyd olunur ki, çay paketinin yenidən qaynar su ilə dəmlənməsi tam steril mühit yaratmır və bəzi mikroorqanizmlər içkiyə keçə bilər. Xüsusilə immun sistemi zəif olan və mədə-bağırsaq problemi yaşayan şəxslər üçün bu cür çayın qəbulu narahatlıqlara səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, təhlükəsizlik və keyfiyyət baxımından çay paketindən yalnız bir dəfə istifadə etmək və daha sonra onu dəmlikdən çıxarmaq ən doğru seçim hesab olunur. Bu yanaşma həm çayın dadını qoruyur, həm də sağlamlıq risklərini minimuma endirir.