Səhərə qəhvə ilə başlayanlar üçün sevindirici və faydalı bir üsul açıqlanıb. Mütəxəssislər bildirirlər ki, qəhvəni daha şirin etmək üçün şəkər əlavə etməyə ehtiyac yoxdur – bunun üçün sadə bir ədviyyə kifayətdir. Söhbət qəhvəyə əlavə olunan darçından gedir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, darçın təbii şirin dadı sayəsində qəhvənin acılığını yumşaldır və içkinin dadını daha balanslı edir. Üstəlik, bu ədviyyədə demək olar ki, kalori yoxdur və tərkibində şəkər də mövcud deyil. Bir çimdik darçın qəhvəyə xoş ətir və yüngül şirinlik bəxş edir.

Bununla yanaşı, darçın bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində kalsium, kalium, dəmir, maqnezium və manqan kimi minerallar mövcuddur. Ədviyyə həm də lif və antioksidantlarla zəngin olduğundan həzmi yaxşılaşdırmağa və orqanizmi zərərli təsirlərdən qorumağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, darçın qanda şəkərin səviyyəsini aşağı salmağa da kömək edə bilər. Bu isə uzun müddət toxluq hissi yaradır və artıq qida qəbulunun qarşısını alır. Nəticədə belə qəhvə arıqlamaq istəyənlər üçün də daha uyğun seçim sayılır.