“Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Prezident Sərəncamı ölkəmizdə içməli su ehtiyatının artırılması ilə yanaşı, həm də sözügedən problemlə bağlı mövcud vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ümumiyyətlə, dünyada su qıtlığı sahəsində çətinliyi olmayan ölkələr barmaqla sayılacaq qədərdir, ölkələrin əksəriyyətində bu problem mövcuddur və gündən-günə artır. Əksər hallarda problemin həlli kimi dünya okeanı və ya dəniz suyunun şirinləşdirilməsi nəzərdə tutulur. Hazırda dünyada olan suyun 97,5 faizi okeanda və dənizlərdəki duzlu sudur.

Mütəxəssislərin fikrincə, layihənin reallaşdırılmasında məqsəd Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.

Azərbaycanda əkin suyuna və içməli suya çox ciddi tələbat olduğu nəzərə alınarsa, hər iki sektorda layihələrin reallaşdırılmasına böyük ehtiyac duyulur. Digər tərəfdən yer kürəsində şirin su ehtiyatının xeyli hissəsi buzlaqlarda cəmləşib ki, ondan da praktiki olaraq istifadə etmək mümkün deyil. Bundan başqa, dünyada mövcud olan şirin su ehtiyatları regionlar və dövlətlər arasında qeyri-bərabər paylanıldığından hazırda 40-dan artıq dövlətdə şirin su çatışmazlığı mövcuddur.

Məlum səbəblərə görə şirin su hövzələrinin sürətlə çirklənməsi üzündən bu mənbələrin yararsız hala düşməsi şirin su çatışmazlığı probleminin daha da dərinləşməsinə səbəb olub. Odur ki, bu sektorda zəruri tədbirlərin görülməsi istiqamətində məqsədyönlü addımlar atılmalı, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə respublika sakinlərinin içməli suya, eləcə də əkin sahələrinin təmiz suya olan tələbatı ödənilməlidir.

Artıq bir çox xarici ölkənin bu sahədə təcrübəsi var. Belə ki, onlar qabaqcıl texnologiyaya əsaslanaraq müəyyən göllərin, dənizlərin suyunu qabaqcıl texnologiyaya əsaslanaraq saflaşdırır və onu içməli su, eləcə də əkin suyu kimi istifadə edirlər.

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədilə Prezident İlham Əliyevin ideyası əsasında Salyanda da Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi - yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. İlk mərhələdə zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. Daha sonra zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.

Dəniz suyunun duzsuzlaşdırılması, eyni zamanda şirinləşdirilməsi su qıtlığını aradan qaldırmağın yeganə yoludur. Həmçinin planetimizdə əhalinin artması və sənayenin sürətli inkişafı şirin su ilə təminat məsələsini praktiki olaraq bəşəri problemə çevirir. Ekspertlər hesab edir ki, yaxın zamanda şirin su təminatı məsələsi enerji resurslarından heç də az əhəmiyyət kəsb etməyəcək. Odur ki, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və onun ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbinə çevrilib.

Qeyd edildiyi kimi, Bakıda da bu, artıq aktual məsələdir. Paytaxt sakinlərini şirin su ilə təmin etmək məqsədilə şəhərə əlavə su xətlərinin çəkilməsinə xüsusi diqqət yetirilir, lokal xarakterli sutəmizləyici qurğular işə salınır. Lakin Bakıda və onun ətraf kəndlərində su qıtlığı hələ də yaşanmaqdadır. Deyilənə görə, bunun əsas səbəblərindən biri də sudan səmərəsiz istifadə edilməsi və israfçılıqla bağlıdır.

Maraqlıdır ki, hazırda dünyada 16 mindən artıq dəniz suyunu şirinləşdirən qurğu işləyir. Beynəlxalq Dimineralizasiya Assosiasiyasının məlumatına görə, bu qurğular gündə 95 milyon kubmetr şirin su istehsal edirlər. Dəniz suyunu duzdan təmizləyərək şirin su almaq üçün bir neçə üsul mövcuddur. Bunlar kimyəvi, elektrodializ və əks osmos üsullarıdır. Əks osmos üsulu ən müasir üsul sayılır – burada su böyük təzyiqlə xüsusi membrana vurulur. Membran elə qurulub ki, su molekullarını buraxır, tullantıların və duzun molekullarını isə saxlayır. Əks osmos üsulunda su duz, xlor və başqa tərkiblərdən təmizlənir. Buraya daxil olan suyun heç də hamısı təmizlənmir və yenidən dövriyyəyə qayıdır. Bu cür müəssisələrin işləməsi üçün dayanıqlı enerji mənbəyi olmalıdır.

Dəniz suyunun təmizlənməsi prosesi su problemini həll etməklə yanaşı, həm də gəlirli biznes sayılır və təsadüfi deyil ki, belə zavodlara böyük investisiyalar qoyulur.