Gündəlik su istehlakı bədən sağlamlığı üçün son dərəcə vacibdir. Bəs gündə nə qədər su içməliyik? Bu mövzuda çox fərqli fikirlər var, lakin ümumi qəbul edilən tövsiyə gündə ən azı 8 stəkan su içməkdir. Bu miqdar təxminən 2 litr suya bərabərdir. Bununla belə, ideal su istehlakı miqdarı insanın yaşı, cinsi, çəkisi, həyat tərzi və ətraf mühit şəraitindən asılı olaraq dəyişə bilər.
Foodinfo.az xəbər verir ki, idmanla məşğul olan, isti havalarda çox tərləyən və ya hamilə qadınlar kimi müəyyən qrupa daxil olanlar üçün daha çox su istehlakı tövsiyə olunur.
Susuzluğun qarşısını almaq və bədəni hər zaman su ilə təmin etmək üçün müəyyən fasilələrlə su içmək vacibdir. Su istehlakı bədəndən toksinləri çıxarmaqla yanaşı, həzm sistemini və maddələr mübadiləsini tənzimləyir, dəri sağlamlığını qoruyur, bədən istiliyinin tarazlaşmasına kömək edir və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.
Daim susuzluq hiss edirsinizsə və ya sidiyinizin rəngi çox tünddürsə, bu, bədəninizin suya ehtiyacı olduğunu göstərə bilər. Bu zaman daha çox su içməyə diqqət yetirmək və sağlam həyat üçün su istehlakına fikir vermək lazımdır.