Həddindən artıq qida qəbulundan sonra bəzi sadə addımlar narahatlığı azalda bilər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, qastroenteroloq Klara Sıçugova bunun üçün zəncəfil və ya nanəli çay içməyi tövsiyə edib.
Məlumata görə, tövsiyələr NEWS.ru saytında paylaşılıb. Həkim bildirib ki, çox yeməkdən sonra ilk növbədə insan özünü qınamamalıdır. Günahkarlıq hissi emosional vəziyyəti pisləşdirir və təkrar həddindən artıq yeməyə səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, yeməkdən dərhal sonra uzanmaq düzgün deyil. Əksinə, ayaqüstə qalmaq və 10–20 dəqiqə yüngül gəzinti etmək həzmi asanlaşdırır və köpün azalmasına kömək edir. Zəncəfil və nanə isə ürəkbulanma, ağırlıq və ağrı hissini yüngülləşdirir.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə böyüklərin üçdə birindən çoxu vaxtaşırı nəzarətsiz qida qəbul edir. Buna səbəb stress, emosional gərginlik və ya sadəcə darıxmaq ola bilər.
Həkim əlavə edib ki, yemək zamanı diqqəti yayındıran vasitələrdən uzaq durmaq lazımdır. Televizor və telefon olmadan yemək qidanın miqdarına nəzarəti asanlaşdırır. O, həmçinin boşqab qaydasına əməl etməyi məsləhət görür: yarısı bitki mənşəli qidalar, dörddə biri zülal mənbələri, qalan hissə isə mürəkkəb karbohidratlar olmalıdır.
Mütəxəssis sonda qeyd edib ki, uzun müddət ac qalmaq da düzgün deyil, çünki çox ac insan ehtiyacından artıq yeyir. Düzgün rejim və ölçülü porsiyalar həddindən artıq yeməyin qarşısını almağa kömək edir.






