Yaşıl bananlar sağlamlığa təsiri baxımından hətta yetişmiş meyvələrdən daha faydalıdır. Bu meyvələrin üstünlükləri barədə həkim Margarita Provotorova məlumat verib. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, yaşıl banan gündəlik qida rasionuna daxil edildikdə bir sıra sağlamlıq faydaları təmin edir.

Orta ölçülü bir yaşıl bananda təxminən 3 qram lif olur və bunun üçdə biri həzm üçün faydalı liflərdən ibarətdir. Buna görə də yaşıl banan tez-tez qidadan kənar qəlyanaltı kimi istifadə edilə bilər, xüsusilə çörək və şirniyyatların yerinə. Həmçinin bu meyvələr prebiyotik xüsusiyyətinə malikdir və bağırsaq mikroflorasının normallaşmasına kömək edir.

Araşdırmalar göstərir ki, yaşıl banandakı rezistent nişasta qida borusu, mədə, öd yolları, uşaqlıq və pankreas xərçəngi riskini azalda bilər. Bu qoruyucu təsir isə təxminən 10 il davam edir. Rezistent nişasta həzm fermentləri tərəfindən tam parçalanmır və qlükoza çevrilmə sürətini ləngidir, nəticədə qan şəkərinin səviyyəsi daha stabildir. Yaşıl bananın qlikemik indeksi 30, yetişmiş bananın isə 58-dir.

Həkimlər bildirir ki, yaşıl banan həddindən artıq yeyildikdə mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Bununla yanaşı, banan püresi yumurtanın əvəzinə istənilən şirniyyatda istifadə edilə bilər.

Yaşıl bananın 4 əsas faydası:

  1. Damar və böyrəklər üçün faydalıdır – yüksək kalium tərkibi böyrəklərin normal işləməsinə və qan təzyiqinin tənzimlənməsinə kömək edir.

  2. Vitamin mənbəyidir – C və B6 vitamini ilə zəngin olan yaşıl banan digər mineralların və qida maddələrinin mənimsənilməsini asanlaşdırır.

  3. Qan şəkərinin səviyyəsini nəzarətdə saxlayır – aşağı qlikemik indeks diabet xəstələri üçün də təhlükəsiz və faydalıdır.

  4. Xolesterolu tənzimləyir – rezistent nişasta qısa zəncirli yağ turşularına çevrilərək xolesterolun səviyyəsinin idarə olunmasına kömək edir.