Qırmızı ət orqanizm üçün vacib zülal və dəmir mənbəyidir, lakin onun düzgün və miqdarında qəbul edilməsi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, rusiyalı endokrinoloq və dietoloq Oksana Mixalyova “Life.ru”ya açıqlamasında bəzi insan qruplarının qırmızı ət istehlakını azaltmasının vacib olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, emal olunmuş ət məhsulları – kolbasa, sosiskalar və bu kimi sənaye məhsulları – istisnasız olaraq hər kəsin rasionundan çıxarılmalıdır. Onun sözlərinə görə, bu qidalar çoxlu duz, doymuş yağ və konservantlar ehtiva etdiyindən heç bir qida dəyərinə malik deyil.
Mixalyova vurğulayıb ki, təbii qırmızı ətin qəbulu yağa, yaşa və sağlamlıq vəziyyətinə görə tənzimlənməlidir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 50 yaşdan yuxarı insanlar qırmızı əti ayda bir dəfədən çox yeməməlidirlər, çünki yaş artdıqca ürək-damar xəstəlikləri və damarların tıxanma riski yüksəlir.
Dietoloq həmçinin bişirmə üsulunun da sağlamlığa təsir etdiyini bildirib: “Qaynadılmış ət insan orqanizmi üçün daha təhlükəsizdir, çünki onda zərərli birləşmələr az olur. Qızardılmış və ya açıq alovda bişmiş ət, xüsusilə də manqal və ya kabab şəklində, ən zərərli variant sayılır”.
Bununla belə, həkim tamamilə qırmızı ət yeməməyin də düzgün olmadığını vurğulayıb. O bildirib ki, bu qida orqanizmin zülal, dəmir və B qrupu vitaminləri ilə təmin olunması baxımından vacibdir. 50 yaşdan aşağı şəxslərə isə həftədə 1–2 dəfə qaynadılmış, buğda bişirilmiş və ya sobada qızardılmış formada qırmızı ət yemək tövsiyə olunur.
Mixalyova əlavə edib ki, balanslı şəkildə qəbul edildikdə qırmızı ət əzələlərin möhkəmlənməsinə, qan dövranının yaxşılaşmasına və enerji səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərir.






