Körpəsinə ana südü verən valideyn mütləq düzgün qidalanmalıdır, əks halda, uşaqda köp, ishal və ya əksinə, qəbizlik əmələ gələ bilər.
Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova bildirib. Onun sözlərinə görə, düzgün qidalanma dedikdə yüksək və balanslı kalorili qidanın rasional qəbulu nəzərdə tutulur:
“Südverən ana 2 nəfər üçün yeməlidir. İlk ayda uşağın mədə-bağırsaq sistemi təhlükəsiz adaptasiyanı keçməli və məhz bu ay ərzində ana qəbul etdiyi qidalara qarşı çox diqqətli olmalıdır.
Körpənin doğulduğu ilk aylarda onlarda tez-tez köp müşahidə olunur. Buna görə də ana köp yaradan məhsullardan istifadə etməməlidir (noxud, mərci, turp, kələm, qazlı sular və s.) Bunlarla yanaşı, qəhvə, tünd çaylar, energetik içkilərin tərkibində kofein olduğu üçün bu məhsullar asanlıqla ana südünün tərkibinə keçərək uşaqlarda oyanıqlıq sindromunun əmələ gəlməsinə səbəb olur.
Fastfud tipli hazır yeməklərin istifadəsi həm tərkibində olan zərərli yağlara görə, həm də bəzən qeyri-düzgün şəraitdə hazırlandığı üçün ananın sağlamlığına təhlükə yarada bilər”.
R.Nemətova bildirib ki, mövsümdən kənar satılan meyvə-tərəvəzin əksəriyyəti müxtəlif sintetik dərmanların köməyilə yetişdirilir: “Məhz bu səbəbdən ananın rasionunda yalnız mövsümə uyğun meyvə-tərəvəz olmalıdır. Bəzən laktasiyanı artırmaq məqsədilə analar şəkər tərkibli məhsullardan istifadə edirlər, bu isə uşaqlarda köp və sancı hallarını artırır, ana isə artıq çəki problemi ilə üzləşir. Eyni zamanda qeyd edim ki, bütün sadaladığımız qida növləri nəinki əmizdirən ana, bütün insanlar üçün zərərli və təhlükəli sayılır”.