
Bal təbiətin insana bəxş etdiyi ən dəyərli və faydalı məhsullardan biridir və əsrlər boyu həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunub.
Foodinfo.az xəbər verir ki, gündəlik olaraq bir çay qaşığı bal qəbul edildikdə orqanizmə güclü antioksidant təsir göstərir, hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur və onların yenilənməsini sürətləndirir.
Bal tərkibindəki təbii şəkərlər və fermentlər hesabına bədəni enerjiylə təmin edir, yorğunluğu aradan qaldırır və həm fiziki, həm də zehni fəaliyyətin yüksəlməsinə səbəb olur. Soyuqdəymə, boğaz ağrısı və öskürək zamanı onun yumşaldıcı və antiseptik xüsusiyyətləri rahatlıq verir, nəfəs yollarını sakitləşdirir və sağalma prosesini sürətləndirir.
Eyni zamanda, balın tərkibindəki faydalı bakteriyalar və fermentlər bağırsaq mikroflorasını tarazlaşdıraraq həzmi tənzimləyir və immun sistemini gücləndirir.
Mövsüm dəyişikliyi zamanı, xüsusilə payız və qış aylarında gündəlik bal istifadəsi bədənin infeksiyalara qarşı müqavimətini artırır və orqanizmi zərərli mikroorqanizmlərdən qoruyur.
Bundan əlavə, bal mədə turşuluğunu azaldaraq qarın boşluğunda yaranan narahatlıqları aradan qaldırır və həzm sisteminə ümumi rahatlıq bəxş edir.
Xarici istifadəsi zamanı bal dərini nəmləndirir, hüceyrə yenilənməsini sürətləndirir, diş ətlərini möhkəmləndirir və ağız boşluğunda yaranan xoşagəlməz qoxunu aradan qaldırır.
Bununla belə, balın yüksək şəkər tərkibinə görə onu normadan artıq istifadə etmək məsləhət görülmür. Gündəlik istehlak miqdarına nəzarət edildikdə isə bal həm sağlamlığın qorunmasına, həm də ümumi həyat keyfiyyətinin yüksəlməsinə töhfə verir.