Bir çox insan arıqlamaq üçün pəhriz saxlayır, lakin pəhriz bitdikdən sonra əvvəlki çəkiyə qayıtmaq problemi ilə üzləşir. Foodinfo.az xəbər verir ki, dietoloq və nutrisoloq Roman Pristanski bu problemin səbəbi kimi davamlı qidalanma vərdişi yaratmamağı göstərir. Onun sözlərinə görə, yalnız müvəqqəti pəhriz deyil, uzunmüddətli vərdiş dəyişikliyi əsl nəticəni təmin edir.

Mütəxəssis qeyd edir ki, pəhriz dövründə öyrəşilən kiçik porsiyalar və kalori nəzarəti saxlanılmalıdır. Əks halda, bədən artıq kaloriləri əvvəlki kimi yağ ehtiyatı kimi yığmağa başlayır. “Bunun qarşısını almaq üçün gündəlik qəbul edilən və sərf olunan kalori miqdarına nəzarət etmək vacibdir,” – deyə Pristanski vurğulayıb.

O həmçinin əlavə edib ki, indi bu işdə köməkçi olan çoxsaylı mobil tətbiqlər və proqramlar mövcuddur. Bu tətbiqlər vasitəsilə porsiya ölçüləri, kalori miqdarı və hətta içdiyiniz su belə izlənilə bilər.

Sonda mütəxəssis tövsiyə edir ki, pəhrizdən sonra “indi hər şeyi yeyə bilərəm” düşüncəsindən uzaq durmaq və bədəni yeni rejimə öyrəşdirmək lazımdır. Balanslı və davamlı qidalanma sayəsində arıqlama nəticəsi uzunmüddətli olar.