
Qəhvə sevənlərin son illərdə tez-tez istifadə etdiyi hazır qəhvələr rahatlığına baxmayaraq, sağlamlıq baxımından bəzi risklər daşıya bilər. Foodinfo.az xəbər verir ki, rusiyalı dietoloq Yelena Solomatina bu tip qəhvələrin zərərləri barədə açıqlama verib.
Onun sözlərinə görə, kapsul qəhvə — yəni kiçik plastik və ya metal qablarda qablaşdırılmış hazır qəhvə — uzun müddət saxlandıqda zərərli maddələr yığa bilər. Xüsusilə "furan" adlı birləşmələr bu qəhvələrdə toplana bilər ki, bu maddələrin bəziləri xərçəng riskini artıran təsirə malikdir. Bundan başqa, kapsul qəhvələrdə tez-tez ucuz və kofeini yüksək olan qəhvə növləri istifadə olunur. Bu isə ürək döyüntüsünün artması, təzyiqin yüksəlməsi və yuxusuzluq kimi fəsadlara yol aça bilər. Həkim qeyd edir ki, bu qəhvələr tamamilə zərərli deyil, amma gündə bir-iki fincandan artıq içmək tövsiyə olunmur.
Əsas məsələ — miqdarına diqqət etmək və keyfiyyətli məhsul seçməkdir. Həmçinin qəhvənin nə qədər və necə saxlandığı da vacibdir. Solomatina bildirir ki, təzə çəkilmiş qəhvələr və ya ənənəvi üsulla hazırlananlar daha təhlükəsiz və faydalıdır.