Kələm vitaminlər, lif və antioksidantlarla zəngin olduğu üçün sağlam qidalanmanın vacib hissəsi sayılır, lakin bəzi insanlar üçün bu tərəvəz uyğun olmaya bilər. Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, professor Svetlana Kanevskaya kələmin müəyyən hallarda orqanizmə mənfi təsir göstərə biləcəyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə mədə-bağırsaq problemi olan şəxslər diqqətli olmalıdır. Xüsusilə təzə və turş kələm turşuluğu və qaz əmələ gəlməsini artıraraq qastrit, xora, pankreatit və qıcıqlanmış bağırsaq sindromu zamanı ağrı və diskomfort yarada bilər. Belə hallarda kələmin bişmiş və ya yüngül qaynadılmış formada qəbulu daha təhlükəsiz hesab olunur, kəskin dövrlərdə isə ondan tam imtina tövsiyə edilir.

Bundan əlavə, qalxanabənzər vəzin funksiyası zəif olan, yəni hipotireozdan əziyyət çəkən şəxslər də kələmi məhdudlaşdırmalıdır. Çünki bəzi növlərində olan maddələr yodun mənimsənilməsinə mane ola bilər. Həmçinin qarın boşluğu üzrə əməliyyat keçirmiş şəxslər üçün erkən dövrdə kələm kimi qaz yaradan məhsullar uyğun sayılmır.

Turş kələm isə yüksək duz tərkibinə görə böyrək və ürək problemləri olan insanlarda maye yığılmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Həkimlər qeyd edirlər ki, sağlam insanlar üçün gündəlik 150–200 qram miqdarında, xüsusilə bişmiş formada kələm qəbul etmək faydalı və təhlükəsizdir.