Qazi Universitetinin professoru Dr. Uğur Coşkun kolerektal xərçəngə tutulmaq riskini artıran vərdişlərdən danışıb.

 

Medicina.az xəbər verir ki, onkoloq ABŞ-da aparılan bir araşdırmanın bağırsaq xərçəngi riskini çox miqdarda qırmızı ət və işlənmiş ət məhsulları ilə əlaqələndirdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, həddən artıq qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz; sosis, kolbasa kimi işlənmiş ət məhsulları yeyənlərdə isə 40 faizdən çox olduğu təsbit edilib.

 

Qərb tərzi qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artıran ən əhəmiyyətli faktorlardan biri olduğunu deyən Uğur Coşkun əlavə edib ki, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan araşdırmada qırmızı ət və işlənmiş qidaların niyə hər kəsdə bağırsaq xərçənginə səbəb olmadığı sualına da aydınlıq gətirilib.

 

“ABŞ-da aparılan bu araşdırma 29 482 bağırsaq xərçəngi xəstəsini və 39 635 xərçəng olmayan şəxsi əhatə edib. Araşdırma çərçivəsində aparılan ətraflı genomik analizdə HAS2 və SMAD7 adlı genlərin qırmızı ət və işlənmiş qidaların həddindən artıq istehlakı və bağırsaq xərçəngi arasındakı əlaqəyə cavabdeh olduğu müəyyən edilib. Yuxarıda qeyd olunan riskə əlavə olaraq, HAS2 geninə sahib olan şəxslərdə bağırsaq xərçəngi riskinin 38 faiz, SMAD7 olanlarda isə 18 faiz daha yüksək olduğu aşkarlanıb. Nəhayət, bu araşdırma niyə çox miqdarda qırmızı ət və ya işlənmiş qidalar istehlak edən bəzi insanların bağırsaq xərçənginə tutulduğunu, digərlərinin isə xəstələnmədiyini izah edir”.

 

Onkoloqun sözlərinə görə, bu araşdırma inkişaf etdirildikdə və tapıntılar yeni araşdırmalarla təsdiqləndikdə, bəlkə də yaxın gələcəkdə qırmızı ət və işlənmiş qidaların kimlərdə bağırsaq xərçəngi riski yaratdığını və kimlərin bu qidaları təhlükəsiz şəkildə istehlak edə biləcəyini üzə çıxarmaq mümkün olacaq.